Teizm inancdır, yoxsa Ateizm?
Bir çox zaman ateistlərin "Din sadəcə inancdır" dediyini eşitmisiniz. Həqiqətdə də belədirmi? Əgər Teizm inancdırsa və ateistlər bunu inanc olduğu üçün qəbul etmirlərsə, o halda onların qəbul etdiyi şey bilgidir. Belə olduğu təqdirdə Ateizm də bilgi olmuş olurmu? Əsla!
Əvvəla, Ateizm tamamilə inancdır. Əgər bir teist Allahın var olduğuna inanırsa, bir ateist də onun olmadığına inanır. Bir şeyin var olduğuna inanmamaq, onun var olmadığına inanmaqdan başqa bir şey deyildir. Yəni, inancsızlıq bir insanı inanclı olmaqdan xilas etmir, bir şeyə inanmamaq, onun əksinə inanmaqdır sadəcə.
Bəs teistlər inanırlarmı? Yox! İnanc termininin yayqın istifadəsi insanlarda Teizmin inanc olduğuna dair bir qəlib yaradıb. Həqiqətdə isə, teistlər arasında fideistlərdən başqa heç kim inanclı deyil, əksinə fərqindədirlər. Yəni, Fideizmi kənara qoysaq, teistlər Allahın var olduğunu bilirlər. Hansı yolla? Əlbəttə ki, dəlillərlə.
Bir şeyin dəlil olması üçün onun çox güclü müddəalarla əsaslandırılması lazımdır. Bu müddəalar isə iki qisimdə ola bilər: Empirik və əqli. Empirik müddəalar 5 hiss orqanımıza əsaslanan müddəalardır. Məsələn, yarpaq yaşıldır, qənd şirindir, qarşıda insan var, alov əli yandırır və.s kimi müddəaların hamısı empirikdir. Əqli müddəalar isə, empirik yolla çata bilmədiyimiz müddəalardır ki, onları ağlımızla analiz edirik. Məsələn, bir insan həm evli həm subay ola bilməz, cinayət varsa cinayəti törədən insan var və.s.
Allah fiziki varlıq olmadığı üçün onun varlığına dair heç bir empirik dəlil irəli sürülə bilinməz, lakin əqli dəlillər mövcuddur. Bir teistin əlində Allahın varlığına dair məntiq qaydaları ilə əsaslandırılmış ən azı 5 dəlil mövcuddur.
1. Burhanus Siddiqin
2. Kozmoloji
3. Ontoloji
4. Aksioloji
5. Fitrət
Bu dəlillər hər biri məntiq qaydalarına əsaslandığı və əqli çərçivəyə tam uyğun olduğuna görə insan üçün həqiqətdirlər. Yəni, bir teistin Allahın varlığını bilməsi, bir insanın eyni anda həm evli həm də subay ola bilməyəcəyini bilməsi kimi dəqiq bir məsələdir. Bəs ateist?
Ateistlər bu dəlillərin heç birinə məntiqi qaydalara əsaslanan cavab vermirlər. Onların bütün cavabları sadəcə təxmin üzərində quruludur. Yəni, onlar bu iddialara ancaq və ancaq "Bəlkə elə yox, belədir" tipli cavab verirlər ki, bu zaman da ortaya ehtimal qoyaraq sadəcə inandıqlarını biruzə edirlər. Təxmin varsa, sadəcə bu təxminlərdən birinə inanmaq var. Dəlil varsa, bilgi və əminlik var.
Xülasə, həqiqətdə Ateizm və Teizmi müqayisə etsək, Ateizmin inanc, Teizmin isə yəqin olduğunu görəcəyik.
















