15 Fevral, 1748-ci il Jeremy Bentham'ın doğum günüdür. O bir çox keyfiyyətinə görə seçilsə də (məsələn, utilitarianizm - hər şeydə fayda güdmə istəyi, faydaçılıq kimi hərəkatların banisidir) mən onu əsasən ilk heyvan haqları müdafiəçisi kimi tanıyıram.
Həqiqətən də, biraz düşünsək görərik ki, insanlarla heyvanı ayıran ancaq şüurdur. Biz insanlar "şüur" deyilən şeyi çox qabardırıq amma. Düzdü, halhazırda mənə bu yazını yazdıran da şüurdu düzü. Amma məsələ bunda deyil.
Bəlkə də bir canlının şüura sahib olması onun elə də xeyrinə deyil? Fikrimi aşağıdakı bir həyat təcrübəmdən bəhs edərək başa salmağa çalışacağam.
Uşaqlıqda heyvanları çox sevirdim (elə indi də sevirəm). Söhbət "orta" uşaqlıqdan gedir, yəni 4 yaşından sonrası. 4 ya 5-ci siniflərdə qonşumuzun uşaqları ilə sırf bir qarışqa yuvasını dağıtdığı üçün dalaşmışdım. Bu sizə gülməli gələ bilər indi. Evdəkilər mənə bunun "günah" olduğunu deyib mənə haqq qazandırsa da, buna görə döyüşməmişdim onlarla. Mən bunda nə isə şüuraltı bir şey görürəm. Şüurun altında bir şüur. O qarışqaların özlərindən milyon qat böyük canlılarla savaşmağa gücü çatmazdı. Buna görə də onları qorumaq hissi yarandı məndə. Bəlkə də bu Çuanq Tsze'nin dediyi "Yuxumda bir kəpənək idim. Artıq bilmirəm nə olduğumu. Yuxusunda kəpənək görmüş olan bir insanam yoxsa insan olduğunu arzulayan bir kəpənək?" fikri ilə bağlıdır. Özümü onlardan biri kimi görürdüm? O ankı hisslərimi deyə bilmərəm. Amma indi olsa, eyni durumdakı bir insan ailəsi üçün bunu etməzdim, həqiqətən. İnsanları qorumazdım. Bu insana nifrətdən irəli gəlmir. Çünki insanlar bərabər(!)dir. Deməli bir-birinə taydır, onların arasına girmərəm.
Heyvanların da özünə görə gücü var, hətta bəziləri insanı parçalamaq gücünə sahibdir. Amma şüursuz olduqları müddətcə günahsızdırlar. Eləcə də körpə insan uşaqları kimi.
Başqa bir məsələ də sevgi məsələsidir. İndiyəcən sahibi olduğum heyvanlardan (sahibi olmaq - Jeremy heyvan haqlarının müdafiəçisi olsa da, buna etiraz etmir) gördüyüm qədəri ilə mənim onlara bəslədiyim sevgini eynilə geri qaytarır. İnsanların hamısı isə belə deyil. Bəzi insanlar (97,34342%) onlara bəslənilən sevgini qarşılıqsız qoyur. Nə edirsənsə et, nəticə sıfır olur. Belə olan halda insanla heyvanı müqayisə edin. Şüursuzluğun şüura qələbəsi. Heyvanlığın insanlığa dərsi. Bəlkə də əsl sevgi elə instinktdədir? İnsanın şüuru inkişaf etdikcə bunları unutmurmu? Bəlkə də günah şüurda deyil. İnsandadır. Məncə insanda şüurdan daha güclü bir şey var. Bu "şey" hətta şüuru da idarə edir. İnsan özünü bu "şey"ə kölə edib. Aşiqlər (əsl aşiqlər) sevməkdən heç vaxt bezmirlər, şüursuzcasına, nə olursa olsun sevirlər.
İnsan kimi sevməyə, insan kimi olmağa son verin. Ya "üstinsan" olun, ya da heyvanlığa geri dönün. Heyvanları sevin!
P.S.: Yazdıqlarıma baxdım... Bunu da görəsən şüurumla yazdım ya, "şey"lə? Bəlkə də instinktlə?