hərdən bir payız günü siqaretə geri qayıtmaq istəyirəm. hərdən də burnuma siqaretin iyi gələndə, həyatı nə qədər çətin yaşadığımı başa düşürəm. vaxtilə siqaret çəkəndə gecələr vicdan əzabından yata bilmirdim ki, valideynlərimin məndən zəhləsi gedər görsələr. halbuki yeniyetmə dövründə baxdığı kinolardan, qulağ asdığı mahnılardan təsirlənən və həmin yaşda eləməli olduğu səhvləri edən adi biriydim. amma gölə gedəndə qabağımda palto geyinmiş və siqaret çəkib tüstünü arxasında gedən mənə üfürən qızı görəndə ağlıma açığı bunlar gəlmirdi. bəlkə də elə vaxtilə atamın getdiyi yolu gedirdim, kim nə bilir. netflixdə bir dənə seriala baxdım, orda deyilənə görə, keçmiş heç vaxt izimizi buraxmırmış. arada fikirləşirəm ki, kaş 17 yaşımdakı qədər cəsarətim indi də olardı. o vaxt cəsarət edib ilk dəfə siqaret çəkmişdim. indi tərgitdiyim siqareti cəsarət edib bir də çəkə bilmirəm. o vaxt evdən qaçırdım, indi axşam 12dən gec yatmıram. onda yalan danışırdım, indi yalan danışanda fikirləşirəm ki, birdən gerçəyi onlara demədən ölsələr necə yaşayacam bu yalanla? qısacası həyat böyüdükcə çətinləşir.
hərdən gəminin heç kim şəkil çəkdirməyən tərəfində oturmaq istəyirəm ki, mənzərə küsməsin. hərdən də qəddar olub, kimlərisə təkləyirəm, dost dediyim adamların zəif nöqtələrilə zarafatlaşıram. sonra da evə gedib fikirləşirəm ki, niyə həmin zarafatı elədim axı, bəlkə xətrinə dəydi. keçən dəfə twitterdə gördüm ki, kimsə gedib psixoloq yanına və deyib ki, insanlara pis təsir etməkdən qorxuram. psixoloq da qayıdıb deyib ki, özünü o qədər dəyərli görürsən insanların gözündə?
pozitivliyimi saxlaya bilmirəm, dostlarla hər deyib gülünən axşamların səhərində tükənirəm, sonra da iki gün evdən çölə çıxmıram. yolda getdiyim yerdə reski yerdən mel tapmaq istəyirəm. sonra da özümün üstündən klas-klas çəkib, özümü ora həbs eləmək istəyirəm. qoy hər gəlib keçən üstümə daş atıb bir ayaq üstü tullansın.
hərdən ev üçün elə darıxıram ki, getdiyim yerlərdən tez qaçıb qayıdıram evə, otağın iyini çəkim burnuma. qapını açanda üstümə gələn istilik mənə o qədər doğma gəlir ki, elə bilirəm dünyanın ən təhlükəsiz yerindəyəm. halbuki balkonumdan aşağı tullanmaq üçün məni ancaq bir cüt ayaqqabı saxlayır ki, corablarım batmasın. və bu ev həmişə soyuqdu. evimdə tapmadığım istiliyi italiyan restoranlarında axtarıram. yəqin ki, anamdan görmədiyim sevgini də özümdən yaşca böyük qadınlarda.
o qədər piyan oldum ki, indi ayıq qalmaq daha maraqlıdı. heç amma bu yazını da ayıq başla yazmıram. bu ad günüm bəlkə də sonuncu olmalıydı. bu dünyadan çox o dünyada gözləyənim var. ölənlərlə ölə bilmədim, amma qalanlarla da yaşaya bilmirəm.
bütün bu dəbədəbələrdən bezmişəm, yorulmuşam, köhnə evlərdə yaşamaq istəyirəm, addımlayanda ayağının altındakı taxtaların səs elədiyi evlər. üstü pərdəylə örtülmüş şkaflar, şkafın içində əsgər forması, üstündə də şəkil. heç kim utandığından soruşa bilməsin ev sahibindən ki, bunlar kimə aiddi. gecə yatanda həmin şkafın yanındakı kravatda yatanda üzümü divara çevirib pərdəni əlimlə çəkim və həmin çərçivədə öz şəklimi görüm. taxta qoxsun hər yer, yağış yağanda dəmir damın səsindən oyanım. gecə hava o qədər soyusun ki, qalın yorğana bürünüm. səhər də oyanım ki, artıq xəstələnmişəm. həyatımı burdaca qoyub qaçmaq istəyirəm.
gündəlik elədiyim şeylər də əziyyət gəlir indi, yemək bişirmək, yer yığışdırmaq. bu gün ürəyimə pomidor yumurta düşmüşdü oyananda. pomidor konservasının qapağını aça bilmədiyim üçün əsəbləşib yerə çırpdım, sonra da özümü şillələyib evi təmizləməyə başladım. indi bütün otaq pomidor qoxur və nə yediyimi özüm də bilmirəm.
https://youtu.be/mj7wV1KVcN4