hər dəfə belində çanta evə doğru qaçan sevdiyinin arxasından baxanda düşünürdü ki, nə yaxşı bu günü də onla bir yerdə keçirib və bu düşüncədən dərhal sonra ağlına gəlirdi ki, sabah onu görə bilməyəcək, qəribə şəkildə eyni saniyədə həm sevinc, həm kədəri yaşayaraq evinə doğru yollanırdı. Son dövrlər ümumiyyətlə həyatında hər şey çox qaydasında gedirdi, əslində o həyatına girməmişdən qabaq da heç də bir dağınıqlıq, səliqəsizlik yox idi. 1 il bundan qabaq kimsə ona yaxınlaşıb sual versəydi ki, həyatında nəyi dəyişmək istəyirsən, nəyə ehtiyacın var, heç bir şeyə deyəcəkdi. Amma indi geri boylanıb ötən ili təhlil edərkən gəldiyi nəticə bu idi ki, həyatında çox şeyə ehtiyacı var imiş. Sadəcə başa düşmür, onu tanımadığından onun yoxluğunun da nə demək olduğunu anlamırmış. Necə ki, insanlar hal-hazırda televizorsuz, internetsiz yaşa bilmirlər, halbuki onların ixtirasından əvvəl insanlar düşünə bilməzdilər ki, bir gün gələcək və nəyinsə bu cür təsirinə düşəcəklər. O da bu fikirdə idi, insanların televizorun, internetin tapılmasına görə kiməsə təşəkkür edib etmədiyi barədə düşünmürdü, amma sevdiyinin həyatına gəlməsinə görə özü elə hey təşəkkür edirdi. Kimə? Onu da bilmirdi.
Özünü sevdiyinə baxan yerdə gülümsəyərkən tapmaqdan çox xoşu gəlirdi, həyatında ilk dəfə idi ki, onunla belə bir şey baş verirdi. Səbəbini bilmirdi. Amma sanki bu münasibət ona özünü yenidən kəşf etməyə imkan yaradırdı, hər gün başqa bir xüsusiyyətinin fərqinə varır, demək olar ki, çox vaxt necə bu qədər çox sevə bilirəm deyə təəccüblənirdi. Çünki əvvəlki abzasda dediyimiz kimi bir il bundan qabağa qədər kimsəyi sevə biləcəyinə inanmırdı. Və bir il bundan qabaq kimisə sevə biləcəyinə inanmayan bu şəxs hal-hazırda hamıya, hər yoldan ötənə onun barədə danışmaq istəyirdi.
Deyəsən xasiyyəti dəyişir, daha yaxşı adama çevrilirdi. Əvvəllər düşünürdü ki, münasibətlərin alınması üçün insanlar mütləq olaraq bəzi xasiyyətlərindən vaz keçməli, bir-birilərini “rəndələməlidirlər”. İndi görürdü ki, heç nədən zorla vaz keçmək, heç nəyi dəyişməyə çalışmaq lazım deyil. Sanki münasibət özü onu ağuşuna almış, dəyişikliyə uğratmağa başlamışdı. Müsbətə doğru gedən bu təkamül prosesinin içərisində nə qədər dəyişəcəyi, necə rəndələnəcəyi onu heç qayğılandırmırdı, “hər səhər sıxıntılı yuxularından oyananda özünü daha yaxşı bir adama çevrilmiş olaraq tapırdı” və bu hal hər günə daha xoşbəxt başlamağına səbəb olurdu.
Keçən dəfə ona yazdığı mesajda “hər şeyin o qədər doğma, o qədər gözəl gəlir ki” demişdi. Yazmışdı ki “Sən bu həyatda yazılmış ən gözəl şeirdən daha gözəl, ən qəşəng romandan daha qəşəngsən”. Bu sözlərin, cümlələrin çox qəşəng səsləndiyini və təsirli olduğunu bilir, və narahat olurdu ki, o birdən sözlərin səslənməsinə aldanaraq mənasına varmaz. Çünki məsələ yazmaqda deyildi, doğrudan da elə düşünürdü. Mesaja əlavə etmişdi “və mən səni əzbərləməkdən zövq alıram. Mən səni oxumaqdan bezmirəm”. Beləydi çünki. Onunla bir yerdə olduqda hər xırda detalını əzbərləyir, hər sözünə, reaksiyasına ciddi bir roman oxuyurmuşcasına fikir verirdi. Deyəsən onun filmlərə baxmaq, kitablar oxumaq hobbilərinin arasında yeni biri - onunla vaxt keçirmək daxil olmuşdu və bu hobbi sürətlə ən sevimli məşğuliyyətinə çevrilmişdi.
Onun sevgisinin sevgilərin ən gözəli olduğu qənaətinə gəlmişdi. Hətta neçə ildir özünə söz verməsinə baxmayaraq şeir də cızma-qara etmişdi:
Dünyada heç bir işıq
Gözün qədər bərq etmir
Sənsiz cənnət, cəhənnəm
İnan ki, heç fərq etmir.
Səndən öncə yalnızlıq
Mücərrəd bir isimmiş
Sevgi tək qəlblə olmur
Sevgi altı hiss imiş.
Görmədiyim gün səni
Qəlbim necə usanır
Yoxluğunda saatlar
Əsrlərə uzanır
Sevgi bir maddədisə
Darıxmaq bərk halıdı
Öpüşlərin cənnətdən
Bir iz kimi qalıbdı
Sən ən yaxşı romansan
Sən ən qəşəng şeirsən
O qədər gözəlsən ki
Bu dünyadan deyilsən.
Sanki gözəllik məfhumu onun yanında sönük qalırdı. Gəldiyi nəticə bu idi: bu dünyada heç kim bu qədər gözəl ola bilməzdi.
Bir neçə gün sonra yenidən bu barədə düşünəndə səhv etdiyi qənaətinə gəldi. Dünyada bəlkə də başqa gözəl məfhumlar, anlayışlar, insanlar çox idi. Amma onun dünyasında heç kim sevdiyi qədər gözəl deyildi. Bu düzəlişi özünün çox xoşuna gəlmişdi, çünki sevdiyi onun dünyasına mənsub idi, və onunla əlaqədar bütün bu mənsubiyyət sözlərini, şəkilçilərini çox sevirdi. bir dəfə qulağına pıçıldadığı kimi: “sənin mənim olduğunu bilmək bu həyatdakı ən sevimli faktım, ən gözəl biliyimdir”.