Elman Tovuz Şeir kitabımı varaqlayan qız #capcizade #deyir #şeir #kitab...
Elman Tovuz
Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən...
Bir vüsal nəğməsi soraqlayan qız,
Min həsrət nəğməsi dinləyəcəksən
Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.
Ahım səmalara nuş olsun deyə,
Mən dərdi yazıram hər gecə, hər gün.
Bir dəliqanlıya xoş olsun deyə,
Sən şeir gəzirsən "xatirə" üçün...
Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.
Hələ vaxt olacaq səndən yazmağa,
Ay vüsal nəğməsi soraqlayan qız.
Dərd verdin, gəlmədin dərd azaltmağa,
Şeir kitabımı varaqlayan qız...











