Özümü nәlәrinsә tәsirinә tez düşәn biri adlandırmırdım, amma fikir verdim ki, başqalarının fikirlәri mәnә çox tәsir edir. Burda "fikirlәri" dedikdә mәni tәnqid barәdә fikirlәrini yox, başqa mәqamları nәzәrdә tuturam, mәsәlәn hәr hansı bir hadisәni analiz edәndә digәrlәrinin fikirlәrini daha çox nәzәrә alıram, çünki bu hadisә ilә bağlı öz fikrim olmur, bәlkә, elә bir az buna görә özümü tamamlanmış hiss edә bilmirәm. Belә sәbәblәrdәn ötürü böyüdüyümü hiss etmirәm sanki.
Әslindә bu giriş yazmaq istәdiyim temaya çox uzaq qaldı, ona görә yarıda әsas fikrimә keçirәm.
1 ilә yaxındır ki, koreya serialları izlәyirәm, daha әvvәl anime izlәyirdim, Yaponiyadan Koreyaya keçid etmişәm. Çoxumuz bilirik ki, türk seriallarının bir çoxu koreya seriallarına әsasәn çәkilib, türk versiyalar mәnә nә qәdәr sıxıcı vә mәnasız görünsә dә, koreya versiyaları elә gәlmir. Sanki koreya versiyalarında (bundan sonra kdrama) insanların hisslәri daha ön plandadır, türk versiyada isә hadisәlәr, buna görә kdrama daha maraqlıdı. İndi danışmaq istәdiyim dramanın türk versiyası varmı bilmirәm.
Özümә bu il üçün qoyduğum hәdәflәri yerinә yetirmәyәrәk, hamısını son ana yığmışam, ona görә bu aylar çox dәrsim vә işlәrim var. Bu vaxtımın az vaxtında Reply 1988-ә baxmağa başladım. 80-ci illәrdә eyni mәhlәdә yaşayan 5 ailәdәn danışır, baş rol, ikinci dәrәcәli rol ayrımı olmadan hәr kәsin hekayәsinә eyni dәrәcәdә yanaşılır, bәlkә elә buna görә dә ailә, dostluq, qonşuluq vә sevgi münasibәtlәri çox gözәl tәsvir olunub. Amma danışmaq istәdiyim bu mәqam deyil. Bu yazını yazma sәbәbim dünәn bitirmәyimә baxmayaraq hәlә dә ağlıma ilişәn vә yazmasam rahat olmayacağımı bildiyim fikirlәrdir.
Bu mәhlәdә bir yerdә böyüyәn vә yaxın olan 5 dost tәsvir olunur, bir qız, dörd oğlan, oğlanlardan biri, Choi Taek, mәktәbi atıb go oyununa fokuslanıb vә insanlarla münasibәt qurmaqda müәyyәn problemlәri var, tәk yaxını elә bu mәhlәdәkilәrdir. Duk Seon hәr kәslә yola getmәyi bacaran, mahnıya qulaq asmağı sevәn, dәrslәrindә yaxşı olmayan, mәnim fikrimcә, bәzi mәqamları sәthi başa düşәn bir qızdır. Jung Hwan (deyәsәn animelәrdә bu tip xarakterlәrә tsundere deyirdilәr) insanlara soyuq davranan, bәzәn tәrs cavab qaytaran, amma kәnardan dostlarını vә ailәsini müşahidә edib, onların problemlәrini hiss etdirmәdәn hәll etmәyә çalışan biridir. Yaxınlarına sevdiyini açıq aşkar demir, amma daim onları xoşbәxt etmәyә çalışır. Duk Seonu sevir, axşamlar vә sәhәrlәr dәrsә gedib gәlәndә onu gözlәyir, incinmәmәsi üçün çalışır, amma bunları nә qız nә digәrlәri hiss etmir. Dostları onun qıza baxışlarını görmür, illәr keçdikdәn sonra belә onun hisslәrini özündәn başqa heç kim bilmir. Jung Hwan bir neçә dәfә etiraf etmәyә çalışsa da bacarmır vә daha sonra Choi Taek Duk Seonu sevdiyini dostlarına deyir. Buna görә Jung Hwan önә gedә bilmir. Bilirәm bunlar drama üçün tipik love trianglelardandır, amma әsas olan bu da deyil. Bir çox dramada iki tәrәfdә hisskәrini açıq aşkar etiraf edir vә qarşı tәrәf seçim edir vә s. Amma burda Jung Hwan heç bir zaman etiraf edә bilmir, hәtta etirafını belә ciddi qәbul etmirlәr, etiraf üçün verdiyi üzük dә stolun üstündә qalır, çıxır gedirlәr. Vә aktyor rolunu elә gözәl aparır ki, onun kәdәrini sözün әsl mәnasında hiss edirsәn. bәlkә dә deyilmәyәn sözlәr vә hisslәr mәnim çox düşündüyüm mәqamlardan biridir deyә belә ilişib qalmışam.
Dramanın sonlarına yaxın Taek Jung Hwanın qıza olan hisslәrini anlayır vә o da dostunu düşünәrәk etiraf edә bilmir. Vә belәcә 6 il keçir. Deyilmәyәn, ifadәsini tapmayan hisslәr daş olub ürәyә oturur. 6 il sonra belә etiraf imkanı yarananda JH onu da itirir, yenә gecikir.
Zaman, bәlkә dә, hәyatda sevinc vә kәdәrlәrimizdә әn çox payı olan mәfhumdur. Zamanı tutuzdura bilmәk, bәzәn bir hadisә bunla bağlı olur. Vә biz doğru zamanın hansı an olduğunu üstündәn illәr keçdikdәn sonra başa düşürük. Zamanın böyük bir qismini boşa keçirib, heç bir anı tutuzdura bilmәyәn biri olaraq burda Jung Hwanla eyni dәrdi bölüşürәm. Mәsәlә sadәcә sevgi hisslәri deyil, istәnilәn fikir vaxtında deyilmәdikdә, gecikdirildik dә öz tәsirini itir. Problemlәrin üstündәn keçәrәk getdikdә heç nәyi hәll etmiş olmursan. Problemlәr hәll edilmәli, sonra yola davam edilmәlidir. Üstdәn keçilәn mәsәlәlәr ilişәcәyimiz daşdan fәrqli deyil.