“..Cavid işləyirdi, uşaqlar yatmışdılar. Mən həmişəkindən tez – saat 11-də keçdim yataq otağına. Bir qədər keçdikdən sonra qapını açıb dedi: Yatmısan?
- Yox, nə lazımdı?
- Heç, elə bildim yatağına girməmisən, qəhvə istəyirdim.
Mən qalxdım ki, geyinim. Qoymadı:
- Özüm bişirərəm, sən yat.
Çox vaxt qəhvə qabını qoyardım bufetin üstünə, gecələr işləyəndə özü bişirərdi. Yuxuda gördüm ki, böyük bir ilan mənə tərəf gəlir, çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda özümə gələndə evdə qarışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat səslə: Qalx geyin – dedi. Qapının arasından tanımadığım adamlar gördüm, aman Allah bunlar kimdir?
O vəziyyəti demək çətindir. Əllərim əsirdi, geyinə bilmirdim. Saniyələr bir il qədər uzun idi. Birtəhər geyinib çıxdım, Cavid qapının yanında ayaqüstə dayanmışdı. Rəngi ağappaq idi. Onu elə görəndə başım hərləndi. Mən onn hər dəqiqəsinin rahat olmasına fikir verərdim. Bu qara bulud hardan gəldi? Qolum bərk sıxdı: Otur, sakit ol. Qolumu sıxmaqla demək istəyirdi ki, bu hələ başlanğıcdı.
Qapını açıb bu biri otağa keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvə qabı ordadırmı, Cavid qəhvə bişiribmi? Qəhvə qabı orda yox idi. Bu da mənə bir niskil oldu. İçimdə özümü danladım ki, niyə sözünə baxdım? Niyə özüm durub qəhvə bişirmədim?
O vaxtdan indiyədək bir dəfə də olsa, qəhvə içməmişəm. Baxmyaraq ki, özüm qəhvə xoşlayanam..”
Müşkünaz Cavid bu sətirləri Hüseyn Cavidin 1937-ci ildə evində axtarış aparılaraq həbs olunduğu gecə ilə bağlı yazmışdı. Qəhvəni çox sevməsinə baxmayaraq həyat yoldaşı Cavidin həbs olunduğu gecədən – 1937-ci ildən ömrünün sonunadək 1976-cı ilə qədər (son gecə sevimli Cavidinə qəhvə bişirmədiyinin kədərindən) bir daha qəhvə içməmişdir. Tək bir qəhvənin sevgi, sadiqlik üstündə hökmünə baxın..
@aisel.details - instagram






















